Aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir. Belə bəyanatla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.
“Regional əməkdaşlıq məsələlərini müzakirə edərkən, biz bu cür əməkdaşlığı əngəlləyən amillərdən danışmaya bilmərik”, - deyə XİN başçısı cümə axşamı Qəbələ şəhərində keçirilən
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı qeyd edib.
Nazir 20 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsinin bunun ən bariz nümunəsi olaraq qeyd edib.
“Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20% ərazisi işğal altındadır və əhalisinin hər 9-cu nəfəri ya qaçqın, ya da məcburi köçkündür. Biz Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq”, - deyə o vurğulayıb.
Nazir bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv-ölkələrə minnətdarlığını bildirib.