Vergilər Nazirliyi 2013-cü ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 4 mlrd. 104 mln. 697,5 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 mlrd. 815 mln. 559,6 manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, cari ilin yanvar-iyul aylarında nazirlik dövlət büdcəsinə vergi və rüsum köçürmələrini 7,6% artırıb.
Nazirliyin məlumatına görə, cari ilin yanvar-iyul aylarında qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2 mlrd. 143 mln. 913,7 min manat vəsait daxil olub (ötən ilin analoji dövrü ilə müqayisədə artım 10,3% – İF-Az). Ümumilikdə hesabat dövründə qeyri-neft-qaz sektoru nazirliyin xətti ilə büdcəyə bütün daxilolmaların 52,2%-ni təmin edib.
Dövlət büdcəsinə vergi daxilolmalarının 41%-i mənfəət vergisinin, 23,1%-i əlavə dəyər vergisinin, 11,6%-i şəxslərin gəlir vergisinin, 7,3%-i aksizlərin, 17%i isə digər vergilərin payına düşür.
2013-cü ildə Vergilər Nazirliyinin dövlət büdcəsinə köçürmələr üzrə planı 6,4 mlrd. manat təşkil edir.