Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının cümə günü Qəbələdə keçirilən Zirvə toplantısında Qırğızıstan prezidenti Almazbek Atambayev Şurada sədrliyi Azərbaycana təhvil verib.
Zirvə toplantısında Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstanın dövlət başçıları, Türkmənistanın baş nazirinin müavinlərindən biri iştirak edir.
Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında məhsuladar əməkdaşlıq və rəhbərliyə görə A.Atambayevə təşəkkür edib.
İ.Əliyev qeyd edib ki, iştirakçı ölkələrin xüsusən də energetika, dağ-mədən və emal sənayesi sahələrində əməkdaşlıq üçün perspektivləri var. “Transmilli və kontinental magistralların tikintisi üzrə layihələri reallaşdıra bilsək, biz yük daşımalarının həcminə görə birinci yerə çıxa bilərik”, - deyə o qeyd edib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin məcmu iqtisadiyyatı $1,3 trilyonu ötür və biz onun potensialını artırmalıyıq”, - deyə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib. Onun sözlərinə görə, kommunikasiyanı inkişaf etdirmək, xammal sektoru ilə yanaşı, turizmin inkişafına da diqqət yetirmək vacibdir.
O, həmçinin qeyd edib ki, Çinlə əməkdaşlıq və ticarət üçün böyük potensial var.
Qırğızıstan prezidenti sammitin iclasında Mərkəzi Asiya ölkələrindən keçməklə Türkiyədən Kaşqara (Çin) qədər dəmir yolunun inşasının dəstəklənməsini təklif edib.
“Bizim ümumi tariximiz var və inşallah ki, gələcəyimiz də birgə olacaq, bunun üçün Türkiyədən Kaşqara qədər dəmir yolunun tikintisi layihəsini gerçəkləşdirməyi təklif edirəm, bu layihə ötən il Bişkekdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dəstəklənib”, - deyə A.Atambayev bildirib.