Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun “Söztək gözəl Məhsəti” monoqrafiyası nəşr olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Monoqrafiyada zəngin əlyazma və arxiv materialları, ilk mənbələr, müxtəlif dünya dillərində olan tədqiqat əsərlərinin təməlində Məhsəti Gəncəvinin həyat və yaradıcılığı təhlil edilir, onun Azərbaycan və dünya ədəbiyyatı və mədəniyyətindəki yeri müəyyənləşdirilir.
“Şərq-Qərb” Nəşriyyat Evində çapdan çıxmış kitabın elmi redaktorları akademiklər Ağamusa Axundov və Vasim Məmmədəliyevdir.
Qeyd edək ki, prezident İlham Əliyevin Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncamına əsasən nəşr edilmiş kitab şərqşünas və azərbaycanşünas alimlər, filoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.