Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 211,9 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
2013-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 2753 investisiya layihəsi maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 8,5 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Goranboy rayonunda “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 120-yə yaxın sahibkar iştirak edib.
Bu günə qədər Aran iqtisadi rayonunun sahibkarları 3,2 mindən yuxarı layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 119,9 mln. manat məbləğində güzəştli kredit alıblar.
“Tədbir çərçivəsində 48 sahibkarlıq subyekti 2,9 mln. manat güzəştli kredit alıb. Sahibkarların layihələrinin maliyyələşdirilməsi 120-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.