2013-cü ilin yanvar-iyul aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini 2012-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9,4% artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar-iyul aylarında avtomobil benzini istehsalı 13,4% - 816,2 min tona qədər, kerosin istehsalı 14% - 420,4 min tona qədər, dizel yanacağı istehsalı 11,4% - 1 mln. 477,7 min tona qədər, neft bitumu istehsalı 10,3% - 181,5 min tona qədər artıb.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalında 21,7% - 85,1 min tona qədər, sürtkü yağları istehsalında 35,2% - 26,9 min tona qədər azalma qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.