Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən növbəti iclasında prezident seçkilərində iştirak etmək istəyən iki iddiaçının namizədliyi təsdiqlənib.
MSK üzvləri səsvermə yolu ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin namizədliyini təsdiq ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
Beləliklə, MSK-nın prezident postuna namizədliyini təsdiq etdiyi iddiaçıların sayı 8-ə çatıb. Daha əvvəl MSK hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının lideri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək hüquqşünas İlqar Məmmədov (Altay), Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyini təsdiq edib.
Bundan başqa, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc və “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Orucun sənədləri qeydiyyata alınmaq üçün MSK-ya daxil olub.
Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü il oktyabrın 9-da keçiriləcək.