Cümə günü Qəbələdə Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyev və Nursultan Nazarbayevin görüşü olub. Bu barədə Azərbaycanın dövlət başçısının rəsmi saytında məlumat verilir.
Görüş Prezident iqamətgahında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının kuluarlarında baş tutub.
Qazaxıstan prezidentinin saytında verilən məlumata görə, görüş zamanı yaxşı dinamika nümayiş etdirən ikitərəfli münasibətlərin gələcək inkişaf məsələləri müzakirə olunub.
Hər iki ölkədə dəniz və dəmir yolu infrastrukturlarında aparılan modernləşdirmə işləri nəzərə alınmaqla nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri xüsusi qeyd olunub.
Söhbət zamanı N.Nazarbayev və İ.Əliyev neft-qaz sahəsində əməkdaşlığa da diqqət ayırıblar.
Qazaxıstan prezidenti Azərbaycanın siyasi, sosial, iqtisadi sahələrdə əldə etdiyi uğurları, eləcə də iki ölkənin müxtəlif regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını qeyd edib.
İ.Əliyev Qazaxıstanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri vurğulayıb.
“Ölkənizdə aparılan islahatlar Azərbaycan üçün layiqli nümunədir. İqtisadiyyatın müxtəlif sahələrində dinamik dəyişikliklər, mühüm beynəlxalq təşəbbüslər, xalqın rifahının yüksəlişi sizin qarşıya qoymuş olduğunuz tapşırıqların effektiv şəkildə həyata keçirilməsindən xəbər verir”, - deyə İ.Əliyev bildirib.