2013-cü ilin iyul ayında Azərbaycanda icazələrin elektron informasiya portalının (www.icazeler.gov.az) xidmətlərindən təxminən 17,3 min istifadəçi yararlanıb. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi 2012-ci ilin mart ayının ortalarında www.icazeler.gov.az portalının təqdimatını keçirib.
Nazirliyin məlumatına görə, www.icazeler.gov.az portalını iyul ayında 17300-dən çox internet istifadəçisi ziyarət edib. İnternet istifadəçilərinin 400-dən çoxu Almaniya, Türkiyə, ABŞ, İtaliya, İspaniya, İsrail, Latviya, Özbəkistan, BƏƏ, Avstraliya, Belarus, İsveçrə, Macarıstan, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Ukrayna, İran, Hollandiya, Çin, Bolqarıstan, Litva və Fransadan olub.
İndiyədək portalın fəaliyyətindən 173 mindən çox internet istifadəçisi yararlanıb.
İyul ayında 9, ümumilikdə isə ötən ilin mart ayından 123 qanunvericilik aktının layihəsinin icazələrin elektron informasiya portalında yerləşdirilməsi təmin edilib.
Xəbər verildiyi kimi, bu portalın yaradılmasında məqsəd sahibkarlığın inkişafında inzibati maneələrin aradan qaldırılması, İKT sahəsində nailiyyətlərin geniş tətbiqi, qabaqcıl informasiya sistemlərinin yaradılması və şəffaflığın artırılmasıdır. Saytda hər bir fəaliyyət növü üzrə lisenziya və icazələrin alınması şərtləri barədə bütün məlumatlar yerləşdirilib.
Bundan başqa, sahibkarlar sayt vasitəsilə dövlət orqanları tərəfindən hazırlanan və lisenziyalaşdırma və yerləşdirmə sisteminə dair ayrı-ayrı normativ sənədlərin layihələri ilə tanış olmaq imkanı əldə edirlər. Bu sənədlərin layihələri saytda yerləşdirilir, sahibkarlar onlar barədə təklif və iradlarını bildirə bilərlər.