Müxalifətçi Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) tərəfdarlarının bazar günü baş tutan mitinqi bu qurumun Azərbaycan ictimaiyyəti arasında uğur qazanmadığını açıq nümayiş etdirdi. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə hesab edir.
“Bazar günü özlərini Milli Şura adlandıran radikal müxalifət qanadı tərəfindən təşkil edilmiş mitinq sözügedən dairələrin iflasını faktiki olaraq nümayiş etdirdi”, - deyə M.Qurbanlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, müxalifətin aksiyasına gələnlərin sayı 1000 nəfərdən çox deyildi.
“Milli Şura xeyli vaxt öz ətrafında ajiotaj yaratmağa çalışıb, guya insanların onların ətrafında birləşdiyinə dair piar-kampaniya keçirib, lakin dünənki mitinq göstərdi ki, əhali bu müxalifət qurumunun ətrafında birləşmiş qüvvələri dəstəkləmir və müdafiə etmir. Bizim müşahidələrimizə əsasən, mitinqdə maksimum 800 nəfər iştirak edib”, - deyə M.Qurbanlı qeyd edib.
O əlavə edib ki, aksiya iştirakçılarının sayının azlığı ölkədə radikal müxalifəti dəstəkləyən elektoratın sayının çox az olmasından xəbər verir.
“Milli Şura nümayəndələrinin mitinqdə verdikləri siyasi bəyanatlar onların şəxsi işidir. Lakin onlar həm də bildirdilər ki, bu gün yığışıb prezident seçkilərində iştirak etmək üçün yeni namizədi müəyyən edəcəklər. Biz dəfələrlə bəyan etmişik və yenə də təkrar edirik ki, seçkilərdə hansı siyasi qüvvənin, hansı namizədin iştirak etməsi bizim üçün ikinci dərəcəli məsələdir. Bizim üçün müxtəlif siyasi dairələri təmsil edən namizədlərin, rəqiblərin olması vacibdir”,- deyə M.Qurbanlı vurğulayıb.
Onun sözlərinə görə, seçki kampaniyasının başlamasından iki həftədən çox vaxt keçib, radikal müxalifətçilər isə hələ də heç cür namizəd seçə bilmirlər.
“Daha doğrusu, onlar Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüblər, lakin onun ikili vətəndaşlıqla əlaqədar problemləri var və buna görə də o, sənədlərini MSK-ya qeydiyyata göndərə bilməz. 15 gün keçib və onlar artıq öz namizədlərini irəli sürməli idilər, lakin indiyə qədər bunu edə bilmirlər. Əgər bu proses bu gün baş versə və Milli Şura nəhayət ki, namizədini müəyyən etsə, qoy onu radikal qanad adından irəli sürsünlər. Onun sərbəst namizəd və ya siyasi partiya nümayəndəsi olmasının fərqi isə yoxdur. Bu, bizi narahat etmir. Biz seçkilərdə azad, açıq və demokratik atmosferdə istənilən rəqibə qarşı durmağa hazırıq”, - deyə o vurğulayıb.