“Şahdəniz” konsorsiumu 2013-cü il avqustun sonuna qədər “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində Azərbaycan qazının Avropaya satışı haqqında müqavilələr imzalayacaq. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
“Yaxın vaxtlarda müqavilənin imzalanması üzrə böyük tədbir keçiriləcək, bu tədbir çərçivəsində Avropadan olan alıcılarla “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın alqı-satqısı haqqında müqavilələr bağlanacaq. Yəqin ki, imzalanma mərasimi bu ayın sonuna qədər baş tutacaq”, - deyə R.Abdullayev bildirib.
Xəbər verildiyi kimi, “Şahdəniz” konsorsiumu artıq İtaliya, Yunanıstan və Bolqarıstandan olan bir sıra alıcılarla qaz satışı şərtlərini razılaşdırıb.
Daha əvvəl SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən bildirilib ki, “Şahdəniz” konsorsiumu “Mərhələ-2” çərçivəsində Avropaya 25 il müddətində qaz satışı haqqında müqavilələr bağlamağı planlaşdırır. Qazın qiyməti uzunmüddətli qiymət formulları üzrə hesablanacaq”, - deyə E.Nəsirov qeyd edib.
Xəbər verildiyi kimi, 2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu TAP qaz kəmərinin inşası layihəsini rəsmi olaraq “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində qazın ixrac marşrutu elan edib. Seçim Nabucco-West və TAP layihələri arasında aparılıb.
2013-cü ilin iyul ayında SOCAR, “bp” və “Total” TAP qaz kəmərinin tikintisi layihəsinin səhmdarları olublar
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür.
TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya olunub. “Şahdəniz” layihəsinin iştirakçıları “bp” (operator – 25,5%), “Statoil” (25,5%), SOCAR (10%), “LUKOIL” (10%), “NICO” (10%), “Total” (10%) və “TPAO” (9%) şirkətləridir.
“Mərhələ-2” üzrə qaz hasilatı 2018-ci ilə nəzərdə tutulub. İllik hasilatın həcmi 16 mlrd. kubmetr qaz təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq.