SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Bulla-dəniz” yatağında 90 saylı kəşfiyyat quyusunun qorunması üçün tədbirlər görür. Bu barədə jurnalistlərə bazar ertəsi ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Quyuda yanğın hələ ki, söndürülməyib, lakin nəzarət altına alınıb. Hazırda FHN-in mütəxəssisləri və SOCAR-ın ekspertləri obyektdədirlər. Yanğını söndürmək asandır, ancaq quyunun qazma işləri nəticəsində biz məhsuldar qatın beşinci və yeddinci horizontlarında çox yaxşı nəticə əldə etmişik, buna görə də quyunu xilas etmək istəyirik. Bununla əlaqədar olaraq sözügedən quyunun qorunması üçün tədbirlər görülür”,- deyə R.Abdullayev bildirib.
O qeyd edib ki, quyuda baş vermiş yanğın nəticəsində nefin dənizə axması qeydə alınmayıb.
“Əsas odur ki, biz operativ şəkildə 62 nəfəri təxliyə edə bildik, buna görə də yanğın nəticəsində xəsarət alan yoxdur. Bundan başqa, yanğının söndürülməsində “BP-Azerbaijan” şirkətinin əməkdaşları bizə böyük köməklik göstərdilər. Hazırda onlarla birgə quyunu xilas etmək üçün proqram hazırlayırıq”,- deyə o qeyd edib.
R.Abdullayev deyib ki, ilkin qiymətləndirmələrə görə, quyuda yanğın yüksək təzyiq səbəbi ilə baş vermiş ola bilər.
“90 saylı quyunun qazma işləri zamanı məhsuldar qatın VIII horizontunu açmaq mümkün olub. Bu günə qədər bu horizonta çatmaq mümkün olmamışdı. 1988-1999-cu illərdə buna nail olmaq üçün cəhdlər edilib, lakin hər iki halda quyularda yanğın baş verib. 90 saylı quyunun qazma işləri zamanı biz VIII horizonta daxil ola bildik və lazımi tədbirlər görüldü, lakin qaz sızması və laydakı çox yüksək təzyiq quyunun açıq qaz fontanına keçməsinə səbəb olub”,- deyə bildirib.
Xəbər verildiyi kimi, 17.08.2013-cü il tarixində gecə saat 23 radələrində 5868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Görülən təcili tədbirlər nəticəsində platformada olan işçilər evakuasiya olunaraq sahilə çıxarılıblar. Hal-hazırda özülün ətrafında yanğınsöndürən gəmilər yanğına nəzarət edir. Quyunun bağlanması üçün tədbirlər planı hazırlandıqdan sonra yanğının söndürülməsinə başlanacaq.
Quyuda qazma işlərinə 2012-ci ilin noyabr ayında başlanılıb.
Baş vermiş hadisənin səbəbləri araşdırılır.