Bazar ertəsi Misirdən təxliyə edilmiş Azərbaycan vətəndaşlarını gətirən Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
“Azərbaycan prezidentinin tapşırığı ilə Misirdəki Azərbaycan vətəndaşları təxliyə edilərək təyyarə ilə vətənə gətiriliblər”, - deyə Azərbaycanın Qahirədəki səfiri Şahin Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, təxliyə edilmiş 48 Azərbaycan vətəndaşı arasında səfirliyin əməkdaşları da var.
“Hazırda Azərbaycanın Misirdəki səfirliyi öz fəaliyyətini davam etdirir. Mən diplomatik missiyanın bir əməkdaşı ilə birlikdə öz vəzifəmi icra etməkdə davam edirəm”, - deyə səfir vurğulayıb.
Ötən şənbə günü prezident İlham Əliyev Xarici İşlər və Fövqəladə Hallar nazirliklərinə Misirdə olan Azərbaycan vətəndaşlarının təxliyəsinin təşkil edilməsi barədə göstəriş verib.
Dövlət başçısının müvafiq sərəncamı ilə bazar günü FHN-in təyyarəsi Azərbaycan vətəndaşlarının təxliyə edilməsi məqsədi ilə Qahirəyə uçub.