"Weber Saint Gobain" şirkəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə əməkdaşlıqda maraqlıdır. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.
Şirkətin Türkiyə nümayəndəliyi olan "Weber Saint Gobain Yapı Kimyasalları Tic. Aş."nin baş direktoru Levent Gökçe və şirkətin zavodlar və investisiyalar üzrə direktoru Engin Öndərlə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də görüş keçirilib. Görüş zamanı qonaqlara Sumqayıt Kimya Sənaye Parkı və rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, rezidentlərə effektiv xidmət məqsədilə Sənaye Parkında "bir pəncərə" sisteminin tətbiqi nəzərdə tutulur ki, bu, qeydiyyat prosedurunun daha operativ və rahat təşkilini təmin edəcək.
“Weber Saint Gobain" şirkəti mərkəzi qərargahı Fransada yerləşən "Saint-Gobain" şirkətlər qrupuna daxildir. 64 ölkədə nümayəndəliyi olan şirkətin əsas fəaliyyət istiqaməti inşaat, innovasiya materialları və qablaşdırma sahələridir.
2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılır.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.