AZMDF zavodu "Floorella" brendi altında laminat parket istehsalına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Azərbaycan bazarında 2,4 mln. kvadratmetr laminata tələbat var. Zavodun illik istehsal gücü 4 mln. kvadratmetr məhsul istehsal etməyə imkan verəcək”, - deyə məlumatda bildirilir.
Zavodda istehsal xətti tamamilə avtomatlaşdırılıb. Məhsul istehsalı Almaniyanın "Wemhoener" şirkətinin texnologiyası əsasında həyata keçirilir.
Şirkət təxminən 20 növ laminat istehsal edəcək.
AZMDF şirkəti 2006-cı ildə təsis edilib. 2010-cu ilin sentyabrında ilk məhsulu olan orta sıxlığa malik taxtalifli lövhənin (MDF) istehsalına başlayıb. Zavod Abşeron rayonunda yerləşir və 10 hektar ərazini əhatə edir.