İran Azərbaycanla birgə Ticarət Palatasının yaradılmasına tərəfdardır. Bu barədə İranın Ərdəbil əyalətinin Ticarət, Sənaye və Mədənlər Palatasının sədri Hüseyn Pirmoəzi cümə axşamı Bakıda mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, İranın Ticarət Palatası hazırda müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı üzərində ciddi şəkildə işləyir.
“Təəssüf ki, bizim ölkələrimiz indiyə qədər birgə ticarət palatası yarada bilməyiblər. Əminəm ki, onun yaradılması iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə kömək edəcək”, - deyə H.Pirmoəzi bildirib.
Palata sədri deyib ki, İran nümayəndə heyəti Bakıya səfər çərçivəsində İran-Azərbaycan birgə Ticarət Palatasının yaradılması məsələsini müzakirə etmək üçün Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşməyi planlaşdırır.