Almaniyanın futbol üzrə yığma komandasının keçmiş qapıçısı Uli Ştayn Azərbaycanın “Qarabağ” və Frankfurtun “Ayntraxt” komandaları arasında keçiriləcək Avroliqa oyunlarının heç-heçə ilə nəticələnəcəyini proqnozlaşdırır.
“Hesab edirəm ki, oyun 1:1 hesabı ilə başa çatacaq. Qarabağ son zamanlar xeyli güclənib. Mən bu komandanın son iki oyununu izləmişəm və deyim ki, onlar pis görünmürlər”, - deyə o, cümə axşamı Bakıda “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri ilə söhbət zamanı bildirib.
Onun fikrincə, ümumilikdə iki oyunun yekunları üzrə qrup mərhələsinə Almaniya klubu keçəcək.
Cümə axşamı “Ayntraxt” və “Qarabağ” klublarının nümayəndə heyətləri Bakıda Alman Dili Tədrisi Mərkəzində olub və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin və mərkəzin təşkilatçılığı ilə keçirilən “Alman dili bütün hallarda qalib gəlir” müsabiqəsinin mükafatlandırma mərasimində iştirak ediblər.
Səfirliyin daimi işlər müvəkili Volfranq Mossinger müsabiqə qaliblərinə təqdim edilən mükafatlara görə hər iki futbol klubuna təşəkkür edib. “Əminəm ki, bu gün futbol meydanında heç bir hədiyyə olmayacaq”, - deyə o zarafat edib.
Diplomat həmçinin qeyd edib ki, bu cür tədbirlər klublar arasında möhkəm dostluq münasibətlərinin yaranmasına kömək edir.
“Auntraxt” klubunun İdarə Heyətinin üzvü Aksel Hellman bildirib ki, bu, onun Bakıya beşinci səfərdir. “Bununla belə, mənim beş il əvvəl gördüyüm Bakı ilə bugünkü Bakı arasında böyük fərq var. Paytaxtınız bu müddət ərzində inkişaf edib. Azərbaycan futbolu da inkişaf dövrünü yaşayır”,- deyə A. Hellman bildirib.
“Qarabağ” futbol klubunun ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nurlan İbrahimov iki klub arasında dostluq münasibətlərinin möhkəm və uzunmüddətli olacağına əmin olduğunu söyləyib. “Biz bugünkü rəqiblərimizin Almaniya çempionatının ən güclü klublarından birinin olması ilə fəxr edirik. Bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o vurğulayıb.