İranın Ərdəbil əyalətinin meri Sədif Bərdi azərbaycanlı iş adamlarını əyalət iqtisadiyyatına investisiya yatırmağa çağırıb.
“İran Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlıdır”, - deyə o, cümə axşamı Bakıda mətbuat konfransında bildirib.
“Azərbaycanlılar və iranlılar ümumi tarixə, dinə və mədəniyyətə malik iki böyük xalqdır və buna görə onlar bir-biri ilə daha sıx əməkdaşlıq edə bilərlər”, - deyə S.Bərdi qeyd edib.
Onun sözlərinə görə, Ərdəbil əyaləti öz coğrafiyası və iqliminə görə azərbaycanlı turistlər üçün maraqlı ola bilər.
“Biz azərbaycanlı iş adamlarını Ərdəbildə turizm sahəsinə investisiya yatırmağa dəvət edirik. Öz növbəmizdə biz bunun üçün hər cür şərait yaratmağa hazırıq”, - deyə S.Bərdi vurğulayıb.
Eyni zamanda Ərdəbil meri İran tərəfinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirakda maraqlı olduğunu söyləyib.
“Biz tikinti və nəqliyyat sahələrindəki imkan və təcrübələrimizi nəzərə alaraq Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştirak etməyə hazırıq”, - deyə S.Bərdi qeyd edib.