Azərbaycan Respublikasında məktəblilər üçün geyim dəsti istehsalını “Bakı Tikiş Evi” ATSC və “Bakı Tekstil Fabriki” MMC həyata keçirir. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
“Dövlət Komitəsinə valideynlər tərəfindən məktəbli formalarının keyfiyyəti və təhlükəsizliyi barədə çoxsaylı müraciətlər gəlməkdədir. Belə ki, son günlərdə Bakı şəhərinin bir neçə ünvanında saxta əmtəə nişanlı, keyfiyyətsiz məktəbli formalarının satışının aşkar olunması və bunun qarşısının alınması istqamətində görülmüş tədbirlərlə əlaqədar istehlakçılar məktəbli geyimlərinin istehsalı ilə məşğul olan təsərrüfat subyektləri barədə məlumatlar əldə etmək istəyirlər. Komitə çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikasında məktəblilər üçün geyim dəsti istehsalını “Bakı Tikiş Evi” ATSC (Bakı şəhəri ərazisində və digər yerlərdə) və “Bakı Tekstil Fabriki” MMC (Sumqayıt şəhəri, Abşeron rayonu və digər yerlərdə) həyata keçirir. Hər iki müəssisənin istehsal etdiyi məhsulların laboratoriya sınaqları aparılıb, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilib və komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb”, - deyə məlumatda qeyd olunur.