Cümə axşamı Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda daha bir nəfərin prezidentliyə namizədliyi təsdiqlənib.
MSK üzvləri səsvermə yolu ilə Qüdrət İsaqovun prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
Beləliklə, MSK bu günə qədər prezident seçkilərində iştirak etmək istəyən 15 nəfərin namizədliyini qeydə alıb: hakim Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Azadlıq Partiyasının lideri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, seçkilərdə müstəqil namizəd kimi iştirak edəcək hüquqşünas İlqar Məmmədov (Altay), Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruc, Ana Vətən Partiyası sədrinin keçmiş müavini Zahid Oruc, İsmayıl Yusifov, Elşən Həsənov və Qüdrət İsaqov.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.