Azərbaycanın Rus İcması qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirir.
“Prezident seçkiləri ərəfəsində biz bütün rus əhalisi adından prezident postuna vahid və layiqli namizəd olaraq İlham Əliyevin namizədliyini yekdilliklə dəstəklədiyimizi bəyan edirik. Biz əvvəllər olduğu kimi özümüzün və övladlarımızın taleyini ona etibar etməyə hazırıq”, - deyə Azərbaycanın Rus İcmasından “İnterfaks-Azərbaycan” agentliyinə daxil olmuş bəyanatda bildirilir.
Sənəddə qeyd edilir ki, Azərbaycanda məskunlaşan rus xalqının nümayəndələri “İnkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş” demokratik, suveren və iqtisadi cəhətdən uğurlu inkişaf etmiş dövlətdə yaşayan və işləyən tamhüquqlu vətəndaşlardır”.
“Azərbaycanın Rus İcması bütün Azərbaycan xalqı kimi prezidentimiz İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, cəmiyyətin birliyinə, ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri arasında dostluğun və tolerantlıq atmosferinin möhkəmlənməsinə, respublikanın sosial-iqtisadi inkişafının sürətlənməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönəlmiş praktiki fəaliyyətini yüksək qiymətləndirir”, - deyə bəyanatda vurğulanır.
Sənəd müəllifləri qeyd edirlər ki, Azərbaycanda yaşayan rusların hamısı ölkənin çiçəklənməsinə töhfə verməyə can atır.
“Biz bütün ölkə əhalisi kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, separatizmi qınayırıq. Biz erməni separatçıları tərəfindən təcavüzə məruz qalmış və işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsinə tərəfdarıq”, - deyə bəyanatda bildirilir.
Azərbaycanın Rus İcması Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli möhkəmlənməsi məsələlərində hər zaman prinsipial mövqedə dayanıb və bu mövqeni davam etdirəcək.
“Xalqlarımız arasındakı çoxəsrlik dostluğun saxlanması üçün biz yalnız rəsmi kanallardan deyil, həmçinin xalq diplomatiyasının istənilən imkanlarından istifadə edir, mehriban qonşuluq əlaqələrinin vacibliyini, respublikada rus dilinin saxlanmasının və geniş istifadəsinin önəmini, vahid iqtisadi məkanın yaradılmasının, mədəni, ədəbi və tarixi dəyərlərin mübadiləsinin zəruriliyini izah edirik”, - deyə bəyanatda bildirilir.