Azərbaycan oktyabrın 9-da keçiriləcək prezident seçkiləri zamanı demokratikliyin təmin edilməsində ATƏT-in köməyinə arxayın ola bilər. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay belə bəyan edib.
“ATƏT azad və şəffaf seçkilərin keçirilməsi üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsində Azərbaycanı dəstəkləməkdə davam edəcək”, - deyə K.Tarqay bu gün Bakıda icra hakimiyyətləri başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil olunan “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyasında bildirib.
O, həmçinin Azərbaycanın demokratikləşmə istiqamətində hərəkət etdiyini söyləyərək, ölkənin gələcəkdə də bu yoldan dönməyəcəyinə əmin olduğunu deyib.
“Mən Azərbaycan xalqının parlaq gələcəyinə əminəm. Qarşıdan gələn seçkilərdə uğurlar arzulayıram”, - deyə o vurğulayıb.
Tədbirdə 76 icra başçısı və seçki komissiya sədri iştirak edir. Məlumat sessiyası avustun 27-si və 30-da Mingəçevir və Şirvanda keçiriləcək.