Müstəqil Azərbaycan müxtəlif seçkilərin keçirilməsi üzrə zəngin təcrübəyə malikdir ki, bu da demokratik, açıq və azad prezident seçkilərinin keçirilməsinin təmin edilməsinə imkan verəcək. Bu fikirləri bu gün Bakıda keçirilən “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” adlı tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev səsləndirib.
“Hazırkı prezident seçkiləri müstəqil Azərbaycanda keçiriləcək altıncı prezident seçkiləri olacaq. Bu fakt və dörd parlament seçkisinin keçirilməsi üzrə qazanılmış təcrübə ölkədə nöbəti prezident seçkilərinin demokratik atmosferdə keçiriləcəyini əminliklə söyləməyə imkan verir”, - deyə o qeyd edib.
Ə.Mehdiyev ölkə rəhbərliyinin Azərbaycan xalqının seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün hər cür şərait yaratmağa hazır olduğunu deyib.
“Azərbaycan çox ciddi ictimai-siyasi hadisə - ölkə vətəndaşlarına dövlətimizin gələcəyi ilə bağlı öz iradəsini bildirmək şansı verən prezident seçkiləri ərəfəsindədir”, - deyə Prezident Administrasiyasının nümayəndəsi vurğulayıb.
O, seçkilərə hazırlıq və onların keçirilməsində seçki orqanları və icra hakimiyyətlərinin xüsusi rol oynadığını bildirib.
“Ölkədə yaradılmış şərait və dövlət başçısının iradəsi növbəti prezident seçkilərinin azad, demokratik və şəffaf şəkildə, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun keçiriləcəyini əminliklə söyləməyə imkan verir”, - deyə Ə.Mehdiyev söyləyib.
“Demokratik seçkilərin keçirilməsi Azərbaycana beynəlxalq strukturlar qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirdiyimizi beynəlxalq müşahidəçilərə və təşkilatlara bir daha nümayiş etdirmək imkanı verəcək”, - deyə o qeyd edib.
Ə.Mehdiyev seçki prosesində mənfi faktların minimuma çatdırılmasının zəruriliyini vurğulayıb.
“Seçki proseslərində dövlət tərəfindən demokratik seçkilərin keçirilməsinin təmin edilməsi üçün görülən böyük işləri şübhə altına alacaq cüzi pozuntu və nöqsanların vaxtında aradan qaldırılması və düzgün qərar verilməsinə çalışmaq lazımdır”, - deyə Ə.Mehdiyev bəyan edib.