“Xəzər-Lənkəran” və “Neftçi” komandaları arasında futbol üzrə ölkə birinciliyi uğrunda növbəti oyun zamanı azarkeşlər arasında baş vermiş iğtişaşlarla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (“Xuliqanlıq”) maddəsi ilə cinayət işi açılıb. Bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Avqustun 25-də saat 20.22-də Lənkəran şəhər Mərkəzi Stadionunda “Xəzər-Lənkəran” və “Neftçi” futbol klubları arasında keçirilən oyun başa çatdıqdan sonra bir qrup azarkeş ictimai qaydanı pozaraq daş və müxtəlif əşyaları meydançaya və digər azarkeşlərə atıb, meydançanın oturacaqlarını və giriş qapısını sındıraraq yandırıb, meydançada və küçədə 35-40 dəqiqə ərzində hərəkəti məhdudlaşdıran xuliqanlıq hərəkətləri ediblər.
İctimai qaydanı pozanlardan 7 nəfər saxlanılıb. Onlardan 4-nün sərxoş olduğu müəyyən edilib.
İctimai asayişi bərpa edərkən 6 polis əməkdaşı xəsarət alıb.