Danimarkanın paytaxtı Kopenhagendə azərbaycanlı uşaqlar üçün “Ana dili” məktəbi fəaliyyətə başlayıb. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin təşkil etdiyi “Ana dili” məktəbinin əsas məqsədi bu ölkədə yaşayan azərbaycanlı uşaqlara və gənclərə Ana dili, həmçinin Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və s. fənləri tədris etməkdir.
“Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi hesab edir ki, “Ana dili” məktəbində oxuyan uşaqlar artıq danimarkalı dostlarının Azərbaycan haqqında suallarını ətraflı və geniş cavablandıra biləcəklər.
“Ana dili” məktəbində dərslər hər həftənin şənbə günü təşkil olunacaq.