Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) təşkilatçılığı ilə çərşənbə axşamı AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın müzakirəsinə həsr olunmuş konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Sözügedən standart SMPDK tərəfindən təsdiq edilib və sentyabrın 2-dən etibarən tətbiq ediləcək.
Konfranda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov bildirib ki, standartın tətbiq edilməsində məqsəd orta məktəblərdə və uşaq bağçalarında qidalanmanın optimallaşdırılmasıdır. “Dövlət başçısı İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu cür müəssisələrdə düzgün olmayan qidalanma birbaşa genofondumuza mənfi təsir göstərir. Bu standartın tətbiq edilməsi ilə biz sağlam qidalanmanı və uşaqların orqanizminin möhkəm inkişafını təmin edə bilərik”, - deyə Ə.İmanov vurğulayıb.
Onun sözlərinə görə, standart dünya praktikasındakı tələblərlə əlaqədar hazırlanıb.
Ə.İmanov standartın tələblərini pozan təhsil müəssisələrinin ciddi cəzalandırılacağını vurğulayıb.
Müzakirələrdə dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və digər strukturların nümayəndələri iştirak ediblər.