Mərkəzi Seçki Komissiyası (MSK) Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiq etməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından xəbər verir.
Səbəb R.İbrahimbəyovun ikili vətəndaşlığa malik olması və Azərbaycan Respublikası ərazisində daimi yaşamamasıdır.
“Rusiya Federasiyasının Azərbaycandakı səfirliyindən MSK-nın sorğusuna cavab olaraq bildirilib ki, R.İbrahimbəyov RF vətəndaşıdır”, - deyə MSK katibi Arifə Muxtarova iclasda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Sərhəd Xidmətindən MSK-nın analoji sorğusuna cavabda qeyd olunur ki, “son 10 il ərzində R.İbrahimbəyov yalnız 1163 gün Azərbaycanda olub”.
MSK-nın Ümid Partiyasından olan üzvü Akif Qurbanov komissiya üzvlərini R.İbrahimbəyovun namizədliyinin qəbul edilməməsi məsələsində obyektiv olmağa çağırıb.
"R.İbrahimbəyovun hələ müəyyən vaxtı var. Bəlkə sabah Rusiya Federasiyasının prezidenti onu vətəndaşlıqdan məhrum edəcək? Biz bu gün ona rədd cavabı verməklə onu öz namizədliyini irəli sürmək hüququndan məhrum edə bilərik", - A.Qurbanov bildirib.
Bundan başqa, MSK “ReAL” hərəkatının sədri İlqar Məmmədovun prezidentliyə namizədliyini təsdiq edilib. Xatırladaq ki, o, 23-24 yanvar tarixlərində İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaşların təşkilində və polisə müqavimət göstərməkdə təqsirli bilinib və bununla əlaqədar fevralın 4-dən həbsdə olub.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qeyd edib ki, bu günə qədər prezidentliyə namizədliyin təsdiq olunması üçün MSK-ya 21 müraciət daxil olub.
"Son iki müraciət bazar ertəsi – avqustun 26-da daxil olub. Bunlar Rauf Quliyevin və İbrahim Rüstəmbəylinin namizədlikləridir. Ümumilikdə daxil olmuş müraciətlərdən üçünə baxılmayıb", - deyə M.Pənahov bildirib.
MSK sədrinin sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 341 müraciət daxil olub.
M.Pənahov vurğulayıb ki, prezidentliyə namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət edənlərdən biri sənədlərini geri götürüb.
Ötən bazar günü MSK dövlət başçısı İlham Əliyevin namizədliyini rəsmi şəkildə qeydə alıb.
MSK həmçinin prezident seçkilərində iştirak etmək istəyən aşağıdakı iddiaçıların namizədliyini qeydə alıb: Azadlıq Partiyasının lideri Əhməd Oruc, Ümid Partiyasının sədri İqbal Ağazadə, hüquqşünas İlqar Məmmədov (Altay), Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruc, Ana Vətən Partiyası sədrinin keçmiş müavini Zahid Oruc, İsmayıl Yusifov, Elşən Həsənov, Qüdrət İsaqov.
Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.