Hakim Yeni Azərbaycan Partiyası (YAP) oktyabrda keçiriləcək seçkilərdə öz namizədinin, dövlət başçısı İlham Əliyevin qələbə qazanacağından əmindir.
“Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər zamanı İlham Əliyevə rəqib ola biləcək siyasətçi yoxdur”, - deyə YAP-ın sədr müavini və icra katibi Əli Əhmədov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, partiya tərəfindən aparılan araşdırmalar göstərir ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti birmənalı olaraq İlham Əliyevin namizədliyinin irəli sürülməsini dəstəkləyir.
“Seçicilərin belə əminliyinin əsasında İlham Əliyevin hakimiyyətdə olduğu illərdə qazanılmış uğurlar dayanır. Bu vaxt ərzində Azərbaycan dövlət kimi əhəmiyyətli dərəcədə möhkəmlənə, beynəlxalq nüfuzunu artıra, iqtisadiyyatın uğurlu inkişafını təmin edə bilib, digər tərəfdən isə respublikanın inkişafında əldə edilmiş bütün bu uğurlar hər bir vətəndaşın ailəsində müsbət şəkildə əks olunub. Qarşıdan gələn seçkilərlə əlaqədar bizim arxalandığımız ən güclü dayaq və fundamental resurs xalqın hörməti və etimadıdır”, - deyə Ə.Əhmədov vurğulayıb.