Samuxun 2 kəndində yeni məktəb binası tikilir, 3 kənddə isə mövcud tikililər əsaslı təmir olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Samux rayon təhsil şöbəsinin müdiri Gülağa Hüseynov məlumat verib.
“Əhmədbəyli və Qarabağlılar kəndlərində tikilən 360 və 220 şagird yerlik yeni məktəb binaları dərs ili müddətində istifadəyə veriləcək. Əsaslı təmir olunan Zazalı, Alabaşlı və Qırmızı Samux kənd tam orta məktəbləri isə bilik günü qapılarını açacaq”, – deyə G.Hüseynov bildirib.
Onun sözlərinə görə, rayonunun bütün məktəblərində cari təmir işləri aparılır, yeni dərs ilinə hazırlıq gedir.
“Dərsliklər artıq gətirilib. 2-4 və 8-10-cu siniflər üzrə 40%, 6-9-cu siniflər üzrə isə bütün dərsliklər paylanılıb. Yeni dərs ilinə tam hazırıq”, - deyə G.Hüseynov qeyd edib.
Ötən tədris ilində Samux rayonunun kənd və qəsəbələrində 6 yeni məktəb binası tikilərək istifadəyə verilib. Ümumilikdə rayonda 33 təhsil ocağı fəaliyyət göstərir.