Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın bank olmayan kredit təşkilatı (BOKT) "TBC Kredit”ə $2,5 mln. kredit ayırıb. Bu barədə bankın məlumatında deyilir.
Bundan başqa, daha $1 mln. vəsait Tayvanın Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu (“Taiwan ICDF”) tərəfindən ayrılıb.
Vəsaitlər mikro, kiçik və orta müəssisələrin kreditləşməsi, “TBC Kredit”in portfelinin genişləndirilməsi və şaxələndirilməsi üçün nəzərdə tutulub.
“AYİB-in Azərbaycandakı işinin əsas prioritetlərindən biri özəl sektorda mikro, kiçik və orta müəssisələrə xüsusi diqqət yetirməklə maliyyə vasitəçiliyinin möhkəmləndirilməsidir. Gözlənildiyi kimi, yeni maliyyələşdirmə xüsusilə də mikromaliyyə sektorunda rəqabətə kömək edəcək”, - deyə məlumatda AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeynə (Neil McKain) istinadən bildirilir.
“TBC Kredit” BOKT Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabr ayından şirkətin 75%-i Gürcüstanın aparıcı bankı olan “TBC Bank”a, 25%-i “ShoreBank International Ltd”yə məxsusdur. 2013-cü il yanvarın 1-nə BOKT-un kredit portfeli $36,6 mln. təşkil edib. 2014-cü il yanvarın 1-nə “TBC Kredit” kredit portfelini $45 mln.-a çatdırmağı planlaşdırır.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında layihələrin reallaşdırılması üçün ümumi məbləği $2,1 mlrd.-dan çox olan kreditlər təqdim edib.