Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şamaxı rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Şamaxı rayonunda müasir heyvandarlıq kompleksinin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Şamaxı rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 44 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2012-ci ildə fond sahibkarlara 218 mln. manat məbləğində güzəştli kredit verib, 2013-cü ildə ümumilikdə 250 mln. manat məbləğində kredit verməyi planlaşdırır.