Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik bitkilər yetişdirməkdə və narkotiklərin qanunsuz yayılmasında şübhəli bilinən iki nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
Neftçala rayon Polis İdarəsinin əməkdaşları rayon sakini Fərhad Fərəcovu saxlayıblar. Onun torpaq sahəsində ümumi çəkisi 12 kq olan 41 çətənə kolu, evində axtarış zamanı isə 5 kq-a yaxın marixuana aşkarlanıb.
Bundan başqa, Saatlı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gülnaz Sadıqova saxlanılıb. Ona məxsus torpaq sahəsində ümumi çəkisi 3,56 kq olan dörd çətənə kolu aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.