Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 28-də Xəzər rayonunun Buzovna qəsəbəsindəki 26 nömrəli orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub, yeni tədris korpusunun açılış mərasimində iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezidentə məlumat verərək bildirib ki, 1969-cu ildə inşa olunan məktəbdə Dövlət Proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri ötən il başa çatdırılıb. Sinif otaqları, idman və iclas zalları tam təmir olunub, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib.
Sonra İ.Əliyev məktəbin yeni inşa edilmiş korpusunda yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, məktəbdə şagird sıxlığı nəzərə alınaraq yeni tədris korpusu ən müasir standartlara uyğun şəkildə inşa olunub. Qırx sinif otağından ibarət yeni korpusda tikinti işləri qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilib. Sinif otaqlarında şagirdlərin yüksək səviyyəli təhsil almaları üçün lazımi şərait yaradılıb. Yeni korpusda internet şəbəkəsinə qoşulmuş iki müasir kompyuter sinfi də fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, 2340 şagird yerlik məktəbdə dərslər əsasən bir növbəli olacaq.