Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ABŞ-ın Livermor Milli Laboratoriyası ilə əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.
Çərşənbə günü AMEA-da keçirilmiş görüşdə akademiyanın vitse-prezidenti İsa Həbibbəyli RSXM və Livermor Milli Laboratoriyası arasında əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə protokol imzalanması təklifi ilə çıxış edib. Bu barədə AMEA RSXM-in mətbuat xidməti məlumat verir.
İ.Həbibbəyli qeyd edib ki, bu günlərdə Yaponiya ekspertlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub, amerikalı və yaponiyalı seysmoloqların Azərbaycana tez-tez səfər etməsi heç də təsadüfi deyil.
“Bu, Azərbaycanda seysmologiya elminin inkişaf etməsini göstərir. Bu gün ölkə ərazisində RSXM-in ən müasir seysmoloji stansiyaları fəaliyyət göstərir. Stansiyaların şəbəkəsi genişləndirilir. Bununla yanaşı, seysmologiya elmi də inkişaf edir. Azərbaycan seysmoloqları seysmologiyanın öyrənilməsində mühüm nəticələr əldə edirlər”, - deyən AMEA-nın vitse-prezidenti əlavə edib ki, Azərbaycan müxtəlif ölkələrin elmi-tədqiqat institutları ilə əməkdaşlığın inkişafına böyük önəm verir.
ABŞ Energetika Nazirliyinin proqram meneceri Stefan Hersoq qeyd edib ki, ABŞ hər hansı ölkə ilə əməkdaşlığı inkişaf etdirərək bütün sahələrə diqqət ayırır.
“Bu nöqteyi-nəzərdən Azərbaycan bizim əməkdaşlıq etmək istədiyimiz ölkədir”, - deyən S.Hersoq əlavə edib ki, ABŞ Energetika Nazirliyi Livermor Milli Laboratoriyasının Azərbaycanda reallaşdırmaq istədiyi bütün layihələri dəstəkləyir.
Amerika nümayəndə heyətinin üzvləri azərbaycanlı həmkarlarına Azərbaycanda həyata keçirmək istədikləri layihələr barədə məlumat veriblər.
Iaboratoriyanın professoru Robert Mellors vurğulayıb ki, Azərbaycanda seysmologiyanın inkişafı üçün yaxşı imkanlar mövcuddur.
“Siz yüksək texniki imkanlara maliksiniz, eləcə də seysmoloji mərkəzdə yaxşı kadr potensialı var. Buranın əməkdaşları öz işlərini yaxşı bilirlər”, - deyə o qeyd edib.
Görüş zamanı AMEA RSXM və Livermor Milli Laboratoriyası arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin təşkilinə dair razılıq əldə edilib.