İran prezidenti Həsən Ruhani Qərb dövlətlərinin Suriyaya hərbi müdaxiləsinə yol verilməməsi üçün səy göstərilməsini vacib hesab edir. Bu barədə cümə axşamı İranın dövlət televiziyası xəbər verir.
Məlumatda deyilir ki, H.Ruhani bu fikri RF prezidenti Vladimir Putinlə telefon danışığı zamanı səsləndirib.
H.Ruhani qeyd edib ki, “hərbi əməliyyatlar bütün regiona baha başa gələcək, ona görə də bunun qarşısını almaq üçün səy göstərmək lazımdır”.
İran prezidentinin sözlərinə görə, İran və Rusiyanın hakim dairələri Suriyaya hücumun qarşısını almaq üçün birgə çalışacaqlar. H.Ruhaninin fikrincə, Suriyaya hərbi müdaxilə beynəlxalq normaların açıq şəkildə pozulması deməkdir.
O, həmçinin söyləyib ki, Tehranın Suriyanın kimyəvi silahlardan istifadə etməsini qınamasına baxmayaraq, vaxtından qabaq səsləndirilən fikirlər təhlükəli ola bilər”.
Çərşənbə günü Kremlin mətbuat xidməti V.Putinin İran prezidenti H.Ruhani ilə telefon danışığı aparması barədə məlumat yayıb. “Əsas diqqət Suriya və onun ətrafında mövcud vəziyyətə yönəldilib”, - deyə məlumatda qeyd edilir.
“Hər iki tərəf prinsipial planda kimyəvi silahlardan istifadənin yolverilməz olduğunu hesab edir”, - deyə məlumatda əlavə olunur.
Qeyd edilir ki, “Suriya münaqişəsinə hərbi müdaxilə çağırışlarını nəzərə alaraq onlar problemin yalnız siyasi-diplomatik həll yolunun tapılmasının vacibliyini vurğulayıblar”.