Cümə axşamı Tana de Zuluetanın rəhbərlik etdiyi ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının üzvləri Mərkəzi Seçki Komissiyasında MSK sədri Məzahir Pənahovla görüşüblər. Görüşdə oktyabrın 9-da keçiriləcək prezident seçkiləri müzakirə mövzusu olub.
MSK katibliyindən verilən məlumata görə, M.Pənahov seçkilərin nəticələrinin qiymətləndirilməsi baxımından müşahidəçilərin fəaliyyətinə xüsusi əhəmiyyət verildiyini bildirib.
Öz növbəsində missiyanın rəhbəri qeyd edib ki, həm seçkiöncəsi vəziyyətin, həm də səsvermə gününün müşahidəsini aparacaqlar.
O, MSK sədrinin oktyabrın 9-na təyin edilən prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə ətraflı məlumat verməsini xahiş edib, MSK-nın maarifləndirmə proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri və digər məsələlər barədə suallar verib.
M.Pənahov seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı komissiyanın fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə danışıb, qonaqların suallarını cavablandırıb.