Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2012-ci il büdcəsinin icrasını təsdiq edib.
Fondun 2012-ci il büdcəsinin icrası haqqında hesabat cümə günü rəsmi mətbuatda dərc olunub.
Sənədə əsasən, 2012-ci ildə ARDNF-in gəlirləri 13 mlrd. 674 mln. 70,1 min manat təşkil edib. Gəlir üzrə plan 99,7% yerinə yetirilib.
Gəlirlər strukturunda mənfəət neftinin satışından daxilolmalar 13 mlrd. 117 mln. 354,6 min manat təşkil edib.
Akrhesabı ödənişlər 3 mln. 8,1 min manat, Azərbaycan ərazisi ilə neft və qazın tranzitindən gəlirlər 7 mln. 890,8 min manat, fondun valyuta aktivlərinin yerləşdirilməsi və idarə edilməsindən gəlirlər 543 mln. 992,1 min manat təşkil edib.
Bundan əlavə, 2012-ci il ərzində neft müqavilələrinin imzalanması və ya reallaşdırılması ilə əlaqədar bonuslar şəklində gəlirlər 1 mln. 572,6 min manat təşkil edib.
2012-ci ildə ARDNF-in xərcləri 10 mlrd. 573 mln. 605,8 min manat təşkil edib. Xərclər üzrə plan 98,4% yerinə yetirilib.
Xərclər strukturunda Azərbaycan dövlət büdcəsinə transfertlər 9 mlrd. 905 mln. manat təşkil edib.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə 299,982 mln. manat, Samur-Abşeron kanalının yenidən qurulmasının maliyyələşdirilməsinə 199 mln. 997,1 min manat, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 119 mln. 27,6 min manat, gənclərin xaricdə təhsil proqramının maliyyələşdirilməsinə 19 mln. 977,3 min manat, fondun saxlanmasına 29 mln. 621,8 min manat yönəldilib.