Prezident İlham Əliyev avqustun 29-da Saatlı Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Məlumat verilib ki, Saatlı Olimpiya İdman Kompleksinin inşasına 2011-ci ilin dekabrında başlanılıb. Kompleksin tikintisi məqsədi ilə “Saatlı rayonunda Olimpiya İdman Kompleksinin və Gənclər Mərkəzinin tikintisi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ilkin olaraq 1 milyon manat, ötən il işlərin davam etdirilməsi üçün Nazirlər Kabinetinin sərəncamı ilə 2 milyon, 2013-cü ildə isə investisiya proqramına uyğun olaraq daha 5 milyon manat ayrılıb.
Burada bir çox yarışların, təlim-məşq toplanışlarının və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait var.
Həmin gün İ.Əliyev Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olub. Məlumat verilib ki, Bayraq Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks etdirən “Şəhidlər” və 31 Mart - Azərbaycanlıların Soyqırımı abidələrinin ərazisi ilə birləşdirilərək ümumi kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə edir.
Şəhərin giriş hissəsində yerləşən meydanda 82 metr hündürlüyündə bayraq dirəyi ucaldılıb, uzunluğu 24, eni 12 metr olan dövlət bayrağı asılıb. Bayraq Meydanının ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Prezident Bayraq Meydanının ərazisində yaradılan Bayraq Muzeyi ilə də tanış olub.
Daha sonra Ağcabədi rayonuna səfər edən İ.Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının, Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının və “Aqat-aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib.