Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi Hillari Klinton sentyabrın 4-6-da Bakıda keçiriləcək Müştərək Cəmiyyətlər Forumunun Yüksək Səviyyədə Toplantısına müraciət göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir.
H.Klinton Cənubi Qafqaz Forumunun yaratdığı şəbəkənin üzvlərinə və qarşıdan gələn toplantı iştirakçılarına uğurlu və səmərəli forumun keçirilməsi ilə bağlı xoş arzularını çatdırıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun imzaladığı Əməkdaşlıq Razılaşması əsasında sentyabrın 4-6-da Bakıda keçiriləcək toplantıda Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Boliviyanın sabiq prezidenti Jorge Quiroga, Mavritanıyanın sabiq prezidenti Kassam Uteem, Şri-Lankanın sabiq prezidenti Chandrika K. Bandaranaike, Hollandiyanın sabiq baş naziri Wim Kok, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, YUNESKO Hökumətlərarası Media Komissiyasının sədri Walter Fust, İsgəndəriyyə Kitabxanasının direktoru, BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə Ali Qrup üzvü Dr. İsmayıl Seragəldin, Dünya Elmlər Akademiyasının prezidenti İvo Slaus və başqaları iştirak edəcəklər.
Toplantının yekunu olaraq BMT baş katibi Pan Gi Mun və Baş Assambleyaya müraciət qəbul olunacaq.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan layihə çərcivəsində Bakıdan başqa Stokholm, Vaşınqton, Brisbon, Afina, İsgəndəriyyə kimi şəhərlərdə də silsilə xarakterli yüksək səviyyədə toplantıların keçirilməsi nəzərdə tutulub.