Azərbaycanın işğal edilmiş ərazilərinə Bakının icazəsi olmadan səfər edən xarici vətəndaşlar bunu ucuz piar xatirinə edirlər. Bu açıqlamanı cümə günü jurnalistlərə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov verib.
“Bu şəxslərin siyahısına baxdıqda görərik ki, onlar ucuz və səviyyəsi aşağı olan, özünü piar etmək məqsədlə müxtəlif qalmaqallar yaratmağa can atan şəxslərdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, belə səfərlər Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına səbəb olmur.
“Azərbaycanın işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan səfər edən xarici vətəndaşlar belə səfərləri öz subyektiv maraqlarını təmin etmək üçün gerçəkləşdirir ki, bu da Azərbaycanı əsla narahat etmir: “Bizi narahat edən həmin dövlətlərin öz vətəndaşlarına heç bir sanksiya tətbiq etməməsidir”, - deyə E.Aslanov vurğulayıb.