“SOCAR Georgia Gas” (Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi) Gürcüstanda 2 yeni qaz kəməri istismara verib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Marneuli rayonunun Qaçağan qəsəbəsində inşa olunmuş 41,4 kilometr uzunluğunda qaz kəməri 1100 potensial abonentin şəbəkəyə qoşulmasına imkan verəcək.
Dmanisi rayonunun Qəmərli kəndinə çəkilmiş 12,6 kilometrlik qaz boru xətti isə 280 abonentin təbii qazla təmin olunmasına imkan yaradır.
Açılış mərasimlərində ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Süleyman Qasımov və Bədəl Bədəlov, Gürcüstanın energetika naziri Kaxa Kaladze, “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov iştirak ediblər.
Bu günədək azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli diyarında 647 kilometr uzunluğunda qaz şəbəkəsi istismara verilib, 20775 abonent qazla təmin olunub. Bu ilin sonuna qədər 180 kilometrlik qaz kəmərinin çəkilişi və daha 4928 abonentin şəbəkəyə qoşulması planlaşdırılır.