Bazar ertəsi prezident İlham Əliyevə Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu təqdim olunub. Bu barədə AzTV dövlət televiziyası məlumat verib.
Dövlət başçısına pasportu respublikanın daxili işlər naziri Ramil Usubov şəxsən təqdim edib.
Prezidentdən sənəddə əks olunacaq barmaq izləri və elektron imzası götürülüb.
Qeyd olunur ki, ölkədə biometrik pasportların verilməsinə sentyabrın 2-dən başlanılıb. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq 10, 5, 1 iş günü ərzində sənədi əldə edə bilərlər.
Həmin gün İ.Əliyev “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” layihəsi çərçivəsində inşa edilən beş tunelin açılış mərasimində iştirak edib.
Qeyd olunub ki, yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təmin edilməsini nəzərdə tutan layihə artıq yekunlaşıb. “Qələbə meydanı” müxtəlif səviyyəli tunel tipli yol qovşağı” adlanan layihə çərçivəsində beş tunel inşa edilib. Daha bir tunelin və iki piyada keçidinin inşası planlaşdırılır.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına yol qovşağının texniki göstəriciləri barədə məlumat verib. Qeyd edilib ki, hərəkət intensivliyi saatda 2340 avtomobildən 11 min avtomobilədək artacaq. Tunellər beynəlxalq standartlara uyğun layihələndirilib və 9 ballıq zəlzələyə davamlılığı nəzərdə tutulub.
“Son üç il ərzində böyük iş görülüb. Şəhər infrastrukturu yeniləşir, yollar, körpülər, tunellər tikilir. Hər şey insanların rahatlığı üçün olunur. Gələcəkdə hələ ki görüləsi işlər çoxdur. İndi 7 il bundan əvvəlki vəziyyəti yada salanda əminliklə deyə bilərik ki, böyük işlər görülüb”, - deyə dövlət başçısı açılış mərasimində bildirib.