Cənubi Qafqazda münaqişələrin həll edilməməsi regionun iqtisadi cəhətdən çiçəklənməsi yolunda böyük maneədir. Türkiyəınin sabiq xarici işlər naziri Hikmət Çətin belə hesab edir.
“Regionlarda uzanan münaqişələr iqtisadi inkişafı ləngidən dağıdıcı qüvvədir. Yaxın Şərqdə, Kiprdə, Balkanlarda və Cənubi Qafqazda münaqişələr bizi böyük suallarla üz-üzə qoyur”, - deyə H.Çətin çərşənbə axşamı Bakıda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının “Dəyişən dünyada Cənubi Qafqaz” II Forumunda bildirib.
“Təəssüf ki, Cənubi Qafqazdakı münaqişələr, xüsusən də Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə və inkişafına artıq uzun müddətdir mənfi təsir göstərir, eləcə də potensial qonşular arasında münasibətlərin inkişafına təhdiddir”, - deyə o vurğulayıb.
Sabiq nazir Dağlıq Qarabağ münaqişəsinə ATƏT-in Minsk Qrupu formatında strategiyanın tətbiq edilməsinin nəticəsiz qaldığını xüsusi qeyd edib.
“Birincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk Qrupu formatında strategiyanın tətbiqi öz nəticəsini vermədi. Daha 20 il bu münaqişə ilə yaşamaq olmaz. Yeni ideyalar lazımdır. Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalması nəinki regional, həm də mühüm iqtisadi inkişafa mane olur”, - deyə H.Çətin vurğulayıb. Onun sözlərinə görə, münaqişənin uzanması onu daha da mürəkkəbləşdirir.
H.Çətin deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli başlanğıc mərhələdə mümkün idi, lakin erməni tərəfi danışıqlara gəlmədi.
“Biz vaxtilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir fürsəti əldə vermişik. Ermənistan-Azərbaycan-ABŞ-Türkiyə dördtərəfli görüşü təyin olunmuşdu. Biz münaqişəni həll etmək üçün əlimizdən gələni etməyə çalışırdıq, lakin görüş ərəfəsində Ermənistan xarici işlər naziri Raffi Ovanisyanın görüşdə iştirak etmək istəməməsi barədə zəng gəldi. Bu, hələ münaqişənin başlanğıcı idi”, - deyə H.Çətin bildirib.
Sabiq nazir qeyd edib ki, bu gün Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həll oluna bilər.
“Ermənistan qoşunlarının işğal edilmiş beş rayondan çıxarılması genişmiqyaslı sülhün başlanğıcı ola bilər. Daha sonra Ermənistanı Dağlıq Qarabağla bağlayan Laçın və Kəlbəcər barədə danışmaq olar. Yəni söhbət münaqişənin mərhələli şəkildə nizama salınmasından getməlidir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, işğal edilmiş torpaqların bir hissəsinin azad edilməsi Azərbaycan, Ermənistan və Türkiyə arasında dialoqa başlamağa, o cümlədən Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi ətrafında müzakirələr aparmağa imkan verərdi.
“Bununla əlaqədar ABŞ və Rusiyanın dəstəyi xüsusilə vacibdir. Lakin əlbəttə, yekun qərarı münaqişə tərəfləri verməlidirlər”,- deyə diplomat qeyd edib.
“Bununla yanaşı, azad edilməsi təklif olunan rayonların bərpa edilməsi üçün vaxt təyin etmək lazımdır. 5-10 il davam edəcək reabilitasiya işləri görülməlidir, bundan sonra qaçqın və məcburi köçkünlərin qaytarılması prosesinə başlamaq olar”, - deyə o əlavə edib.
H.Çətin söyləyib ki, o, dəfələrlə Ermənistan tərəfinə bəyan edib ki, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəməzsə, Ermənistan çox şeydən məhrum ola bilər”.
“Bu, Ermənistanın kənarda qaldığı iri regional layihələrin həyata keçirilməsi fonunda öz təsdiqini tapdı”,- deyə diplomat bildirib.