Gənclər və idman naziri Azad Rəhimov bu il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakını uğurlu hesab edir.
“2013-cü ildə Avropa və dünya çempionatlarında, kubok və birincilik uğrunda yarışlarda Azərbaycan idmançıları 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanıblar”, - deyə nazir çərşənbə axşamı mətbuat konfransında bildirib.
A.Rəhimovun sözlərinə görə, Azərbaycan yığıması bu il müxtəlif idman növləri üzrə 158 beynəlxalq yarışda iştirak edib.
“İnanırıq ki, 2013-cü ilin yekunları üzrə Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə əldə etdikləri medalların sayı 700-ü ötəcək ki, bu da ötən ilin rekord göstəricisini yeniləməyə imkan verəcək”, - deyə o qeyd edib.
“Azərbaycan idmançıları ən böyük uğuru Rusiyanın Kazan şəhərində keçirilmiş XXVII Ümumdünya Universiadasında əldə ediblər. Orada 4 qızıl, 5 gümüş, 7 bürünc olmaqla 16 medal qazanılıb və ölkəmiz dünyada 15-ci yeri tutub. Hollandiyanın Utrext şəhərində keçirilmiş Gənclərin Olimpiya Festivalında isə idmançılarımız 2 qızıl, 1 bürünc medala sahib olublar”, - deyə nazir bildirib.
Nazir Azərbaycan yığma komandasının sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyada keçiriləcək III İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edəcəyinə ümid etdiyini bildirib.
“130 nəfərlik Azərbaycan nümayəndə heyəti sentyabrın 20-də çarter reysi ilə Cakartaya yola düşəcək”, - deyə o əlavə edib.
Nazir xatırladıb ki, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyi rəsmən təsdiqlənib.
A.Rəhimovun sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına hazırlıq işləri davam etdirilir.