İspaniyanın “Atletiko Madrid” futbol klubunun futbolçuları 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının loqotipi təsvir edilmiş formalarda oynayacaqlar. Bu barədə gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı mətbuat konfransında məlumat verib.
“Hazırda “Atletiko Madrid” klubunun oyunçularının formalarında «Azerbaijan Land of Fire» (Odlar yurdu Azərbaycan) yazısı təsvir edilib. Gələcəkdə bu yazını 2015-ci il Avropa Oyunlarının loqotipi əvəz edəcək”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hazırda ilk Avropa Oyunlarının təbliğatı ilə bağlı tədbirlər planı hazırlanır, o cümlədən bu beynəlxalq yarışların loqotipi hazırlanacaq.
İspaniyanın “Atletiko Madrid” futbol klubunun oyunçuları 2012-ci ilin dekabr ayından «Azerbaijan Land of Fire” yazısı təsvir edilmiş formalarda çıxış edirlər.
İlk Avropa Olimpiya Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək. Yarışlarda 19 idman növü üzrə 6351 idmançının iştirakı nəzərdə tutulub.