Çərşənbə axşamı Mərkəzi Seçki Komissiyası (MSK) müxalifəti təmsil edən Ümid Partiyasının sədri İqbal Ağazadənin prezidentliyə namizədliyini rəsmi olaraq qeydə alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri MSK-nın iclasından məlumat verib.
Məlumata görə, İ.Ağazadənin namizədliyinin qeydə alınması üçün MSK-ya 44 minə yaxın imza vərəqəsi təqdim edilib, 40 mindən artıq imza etibarlı hesab olunub.
Beləliklə, bu günə MSK prezident seçkilərində iştirak etmək üçün iki nəfərin – İqbal Ağazadə və prezident İlham Əliyevin namizədliyini rəsmi qaydada qeydə alıb.
“Zahid Orucun namizədliyinin qeydə alınması üçün toplanmış imzalar da bu gün MSK-ya daxil olub. Sabah onların yoxlanılmasına başlanılacaq”, - deyə MSK sədri Məzahir Pənahov iclasda bildirib.
MSK həmçinin prezident seçkilərində iştirak etmək istəyən aşağıdakı iddiaçıların namizədliyini qeydə alıb: Azadlıq Partiyasının lideri Əhməd Oruc, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruc, Milli Məclisin deputatı, Ana Vətən Partiyası sədrinin keçmiş müavini Zahid Oruc, hüquqşünas İlqar Məmmədov (İlqar Altay), İsmayıl Yusifov, Elşən Həsənov, Qüdrət İsaqov və başqaları.
MSK Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib. Səbəb R.İbrahimbəyovun ikili vətəndaşlığa malik olmasıdır.
Azərbaycanda növbəti prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.