Belçika Krallığının ölkəmizdəki səfiri Karen Petit çərşənbə axşamı etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan ilə Belçika arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan İ.Əliyev bu münasibətlərin gələcək illərdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. İqtisadi əməkdaşlığımızın yaxşı nəticələrini qeyd edən prezident Belçikanın bəzi şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini vurğulayıb.
Dövlət başçısı iqtisadi və siyasi sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, iki ölkənin Avropa İttifaqı çərçivəsində əməkdaşlığından məmnunluğunu ifadə edib.
K.Petit öz növbəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının önəmini qeyd edib.
Görüşdə həmçinin Azərbaycan-Belçika əlaqələrinin siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu, qeyri-neft sektoru, təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.