Vergilər Nazirliyi 2013-cü ilin avqust ayında 3,114 min vergi ödəyicisinin fəaliyyətində qanunvericiliyin pozulması faktları aşkar edib. Bu barədə nazirlikdən məlumat verilib.
1774 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 349 vergi ödəyicisi tərəfindən valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 151 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 284 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 437 vergi ödəyicisi tərəfindən 695 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 74 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 19 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 191 ədəd mal olduğu aşkarlanıb.