Gəncədə Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin regional mərkəzinin yeni binası istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Mərkəz artıq yerli əhaliyə yeni biometrik pasportların verilməsinə başlayıb.
Ölkənin qərb regionunda yerləşən mərkəz 11 rayonun 1 milyondan çox sakininə xidmət göstərəcək. Mərkəzin xidmət personalı xaricdə hazırlıq və treninqlər keçmiş yüksəkixtisaslı əməkdaşlardan ibarətdir.
Qəbul zalında eyni vaxtda 24 vətəndaşın sənədlərinin qəbul edilməsi təmin olunub. Mərkəz gün ərzində 300-dən çox vətəndaşa xidmət göstərəcək.
Biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, sənədlərin xüsusi yoxlanışı və məlumatların dərhal bazaya ötürülməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompüterlər, növbəni tənzimləyən elektron köşklər və tətbiq olunan digər texnologiyalar mərkəzdə xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi daşıyır.
Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq yeni nəsil biometrik ümümvətəndaş pasportlarını 1, 5 və ya 10 iş günü ərzində ala biləcəklər.
İlk biometrik pasport bu ilin sentyabr ayının 2-də prezident İlham Əliyevə təqdim edilib.