ABŞ Qarabağ münaqişəsinin tezliklə nizamlanmasının tərəfdarıdır.
“Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsini mümkün qədər tez bir zamanda nizamlamaq lazımdır, çünki hər iki tərəfdən dinc əhali arasında qurbanların olması böyük faciədir”, - deyə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar cümə axşamı jurnalistlərə cəbhə zonasında Azərbaycanın dinc əhalisinin erməni snayperləri tərəfindən atəşə tutulmasını şərh edərkən bildirib.
Diplomat vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun yeni amerikalı həmsədri Ceyms Uorlikin regiona səfərini səbirsizliklə gözləyir.
“Bu yaxınlarda C.Uorlik Cənubi Qafqaza səfər edəcək. Mən onu yaxşı tanıyıram – o, çox yaxşı və təcrübəli diplomatdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu məsələ ilə məşğul olacaq. İnanıram ki, çox kreativ insan olan C.Uorlikin yeni ideyaları bu prosesə töhfə verəcək”, - deyə R.Morninqstar vurğulayıb.